REGİONLAR
GDU-da Dokuz Eylül Universiteti ilə birgə ikili diplom proqramı üzrə mütəxəssis hazırlığına start verilir
Gəncə, 24 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov ikili diplom proqramı çərçivəsində ali təhsil ocağına təcrübə mübadiləsi üçün ezam olunan Dokuz Eylül Universitetinin professoru Kerem Canlı və dosent Ergin Şahinlə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Y.Yusibov qonaqları salamlayaraq Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələrindən danışıb, Gəncə Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında imzalanan ikili diplom proqramının müəllim və tələbələr üçün önəmini vurğulayıb. Rektor yeni tədris ilindən ali təhsil ocağında ikili diplom proqramı üzrə mütəxəssis hazırlığına başlanılacağını qeyd edib, yaradılan imkanlara və göstərilən dəstəyə görə Dokuz Eylül Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə Universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev iştirak ediblər.
Dokuz Eylül Universitetinin əməkdaşları imzalanmış ikili diplom müqaviləsinin səmərəli olacağına əminliklərini bildiriblər.
Görüşdən sonra professor Kerem Canlı “Prokariot orqanizmlər”, dosent Ergin Şahin “Virusların bioekoloji xüsusiyyətləri” mövzusunda Kimya-biologiya fakültəsinin tələbələri üçün ustad dərsləri keçiblər.
Məqsəd qarşılıqlı təcrübə mübadiləsi yolu ilə professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, həmçinin onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə nail olmaqdır.
Qeyd edək ki, iki həftəlik elmi tədqiqatlara dair təcrübə mübadiləsinin iyun ayının 2-də yekunlaşması nəzərdə tutulur.