REGİONLAR
GDU-da “Səməni” festivalı keçirilib
Gəncə, 20 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Biologiya-kimya fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı təşkil edilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, festivalın şərtlərinə görə ayrı-ayrı ixtisas və kurslarda təhsil alan tələbələr Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları hazırlayaraq nümayiş etdiriblər. Səmənilər, şirniyyatlar, xarıbülbül və s. xonçalara xüsusi gözəllik verib.
Universitetin rektoru, professor Yusif Yusibov tədbir iştirakçılarını salamlayaraq onların bayramını təbrik edib. O qeyd edib ki, “Səməni” müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəslə ötürməklə yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.
Ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələrin böyük ruh yüksəkliyi ilə iştirak etdiyi festivalda universitetin rektoru ilə yanaşı, rektorun baş müşaviri Asif Cavadov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, professorlar Vaqif Novruzov və Sevda Əhmədova, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, fakültənin dekanı İsfəndiyar Alverdiyev tələbələrin yaradıcılıq bacarıqlarını qiymətləndiriblər.
Təqdim olunan bayram xonçalarında xalqımızın məişəti və adət-ənənələri geniş əks etdirilib.
Sonda qalib qruplara mükafatlar təqdim olunub.