DÜNYA
Gələn il “Apple” şirkətinin bazar dəyəri bir trilyon dollara çata bilər
![Gələn il “Apple” şirkətinin bazar dəyəri bir trilyon dollara çata bilər](/files/2017/3/1200x630/15099753556175863615_1200x630.jpg)
Bakı, 6 noyabr, AZƏRTAC
“Apple” şirkəti dördüncü maliyyə rübü üçün hesabat dərc edib.
Əksər analitiklərin “iPhone X” modelinin buraxılışından sonra satış və mədaxilin azalacağını düşünməsinə baxmayaraq, kapitallaşmanın bahalaşması nəticəsində dəyəri 900 milyard dolları ötən ilk şirkət “Apple” olub.
AZƏRTAC xəbər verir ki, məlumata görə, “AAPL” səhmlərində 3,2 faiz artım qeydə alınıb. Ötən cümə günü rüblük nəticələr dərc edildikdən sonra “Apple” qiymətli kağızları rekord məbləğdə -173,49 dollaradək bahalaşıb.
Bundan başqa, şirkət rəhbəri Tim Kuk növbəti ildə satış həcmini 84-87 milyard dollar səviyyəsində proqnozlaşdırıb. Maliyyə analitikləri isə 85 milyard dollarlıq nəticə gözləyirlər. Bu isə ondan xəbər verir ki, şirkət və sərmayədarlar “iPhone X” modelini perspektivli məhsul hesab edirlər. “The Street” nəşrinin fikrincə, “iPhone” istehsalçısının nailiyyətləri “Dow Jones” sənaye indeksinə də müsbət təsir göstərəcək.
Son hadisələr fonunda 2018-ci ildə şirkətin bazar kapitallaşmasının 1 trilyon dollaradək artacağı ehtimal olunur.
2017-ci ilin mayında ABŞ istehsalçısının bazar dəyəri 800 milyard dollar, fevralda isə 700 milyard dollar təşkil edib.