Türkiyənin Star telekanalında və eyniadlı qəzetdə, ölkəmizdəki müxalifət partiyalarının nəzarətində olan qəzetlərdə Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı iftiralarla dolu, əxlaqdan uzaq xəbərlərin yayılması Xəzər Dəniz Gəmi Təmiri İstehsalat Birliyinin kollektivini də hiddətləndirmişdir. Birliyə daxil olan müəssisələrin kollektivlərinin iyulun 29-da keçirilmiş toplantısında çıxış edən Zaqfederasiya adına gəmi təmiri zavodu həmkarlar ittifaqı komitəsinin sədri Azad Mərdəliyev demişdir ki, prezident seçkiləri yaxınlaşdıqca, məğlubiyyətlərini dərk edən müxalifət çirkin əməllərə əl atmaqla ölkədə xaos, vətəndaş qarşıdurması yaratmaq istəyir. Azərbaycanın inkişafını istəməyən xarici qüvvələr məhz daxildəki dönüklərdən istifadə etməklə öz maraqlarını təmin etməyə çalışırlar. “Yeni Müsavat”, “Azadlıq”, “Hürriyyət”qəzetlərinin, eləcə də onlarla eyni çırkin məqsədə xidmət edən Star telekanalının Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı yaydıqları iftiralar buna əyani sübutdur.
Paris Kommunası adına zavodun işçiləri Xanlar Əliyev, İlham Allahverdiyev adına zavodun qadınlar cəmiyyətinin sədri Cəmalə Vəliyeva, Böyük Vətən müharibəsi veteranı Balaş İbrahimov və başqaları dağıdıcı müxalifətin bəd əməllərini qətiyyətlə pisləmiş, səlahiyyətli orqanlardan müxalif qüvvələr və onların nəzarətində olan KİV-lər barəsində qanun çərçivəsində tədbir görülməsini tələb etmişlər. Onlar xatırlatmışlar ki, məhz bugünkü dağıdıcı müxalifətin hakimiyyətdə olduğu dövrdə fəlakətə yuvarladıqları və parçalanmağa məruz qoyduqları Azərbaycanı Heydər Əliyev dühası xilas etmişdir. O, Azərbaycanın təkçə bu gününü deyil, onun xoşbəxt gələcəyini qurmuşdur, İlham Əliyev kimi gənc siyasətçi yetişdirmişdir və bilirik ki, o, atasının yolunu ləyaqətlə davam etdirəcəkdir. Heydər Əliyevin xidmətlərini layiqincə qiymətləndirən xalqımız qarşıdakı seçkilərdə yenə də onu dəstəkləyəcəkdir.