GƏNCƏ AVTOMOBİL ZAVODU “MAZ” MARKALI AVTOMAŞINLARIN İSTEHSALINA BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncə avtomobil zavodu “MAZ” markalı avtomaşınların istehsalına başlamışdır.
Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Pastkeviç bu münasibətlə Gəncə avtomobil zavoduna gəlmiş, burada yığım prosesi ilə yaxından tanış olmuşdur. Səfirə məlumat verilmişdir ki, Minsk avtomobil zavodu (MAZ) ilə qurulmuş əlaqələr nəticəsində bir il ərzində Gəncə avtomobil zavodunda 5 modeldə 1000-ə yaxın “Belarus” traktorları yığılmışdır. Bu iş indi də uğurla davam etdirilir. Bölgədə həmin traktorlara tələbatı nəzərə alan “MAZ” Gəncə avtomobil zavodu ilə birgə müəssisə yaratmaq barədə təşəbbüs irəli sürmüşdur. Təşəbbüs razılıqla qarşılanmış və Gəncə zavodunda hazırlıq işlərinə başlanılmışdır.
Nikolay Pastkeviç hazırlıq işlərinin vəziyyəti ilə maraqlanmış, sex və sahələri gəzərək fikir mübadiləsi aparmışdır. Belə bir əməkdaşlığın hər iki ölkə üçün səmərəli olacağına əminlik ifadə edən diplomata məlumat verilmişdir ki, bu müqavilə gerçəkləşdikdən sonra Gəncə avtomobil zavodunda ildə 3 min ədəddən artıq traktor istehsal etmək mümkün olacaqdır.
Səfir zavodda istehsal edilmiş “MAZ” avtomobillərinin ilk nümunələrinə baxdıqdan sonra yığımda iştirak edən belaruslu mütəxəssislərlə söhbət etmişdir. Hər bir şəraitdə işləmək qabiliyyətinə malik olan bu nəhəng texnikanın iş prinsipləri barədə məlumat verildikdən sonra avtomaşınların sınağı keçirilmişdir.
Səfir Nikolay Pastkeviçin Gəncə avtomobil zavodunda keçirdiyi işgüzar görüşdə Belarus Respublikası Parlamentinin - Milli Məclisinin beynəlxalq əlaqələr daimi komissiyası sədrinin müavini Anatoli Krasutski iştirak etmişdir.