MƏDƏNİYYƏT
Gəncədə Aşıq Ağdabanlı Qurbanın 150 illik yubileyi qeyd edilmişdir
Bakı, 30 iyul (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin, Kəlbəcər Rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gəncədə XIX-XX əsrlərdə yaşayıb yaratmış, tanınmış şair Aşıq Ağdabanlı Qurbanın anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Aşıq Ağdabanlı Qurbanın ömür yolundan və zəngin yaradıcılığından geniş söz açılmışdır.
Bildirilmişdir ki, 1862-ci ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş Ağdabanlı Qurban bilik və savadı ilə dövrünün ən görkəmli simalarını heyran etmiş və böyük sənətkarımız Aşıq Ələsgər də onu daim yüksək qiymətləndirmişdir.
Vurğulanmışdır ki, Ağdabanlı Qurban bütün yaradıcılığı dövründə yüzlərlə qoşma, gəraylı, müxəmməs, təcnis, divani, qıfılbənd yazmışdır. Aşıq yaradıcılığının bütün qollarında öz qələmini uğurla sınayan Ağdabanlı Qurban özündən sonra gələn ədəbi mühitə də güclü təsir göstərmişdir. Onun bədii təsvir vasitələri həmişə öz orijinallığı ilə seçilmişdir.
Tədbirdə tanınmış aşıqların ifasında Ağdabanlı Qurbanın yaradıcılığından nümunələr səsləndirilmişdir.