Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvədir
Bakı, 2 fevral, AZƏRTAC
Nərimanov Rayon İcra Hakimiyyətində 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də Gənclərin Birinci Forumunun keçirildiyini nəzərə alaraq, xalqımızın ümummilli lideri Heydər Əliyev 1997-ci ildə 2 fevral tarixinin Gənclər Günü elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi, bu il də Gənclər Günü qeyd edilir.
N.Novruzov vurğulayıb ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ümummilli Liderin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə ölkəmizdə hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən biri də Gənclər və İdman Nazirliyinin yaradılmasıdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, ulu öndər Heydər Əliyev həmişə gənclərə böyük inam göstərib, onların qüvvəsinə güvənirdi. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə də xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf edir.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev və digər natiqlər qeyd ediblər ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb.
Sonda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə görə bir qrup rayon gənci “İlin gənci” adına layiq görülüb.