ELM VƏ TƏHSİL
GÖRKƏMLİ MÜƏLLİMİN YUBİLEYİ
Bakının Yasamal rayonundakı Şəfiqə Əfəndizadə adina 13 nömrəli orta məktəbdə Azərbaycan pedaqoji fikrinin və ədəbiyyatının tarixində özünəməxsus yeri olan, ölkəmizin ilk maarifçi qadınlarından biri, yazıçı, publisist və ictimai xadim Şəfiqə xanım Əfəndizadənin 120 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə məktəbdə Şəfiqə xanım Əfəndizadənin həyat fəaliyyətini və yaradıcılığını əks etdirən muzeylə, onun zəngin eksponatları ilə tanış oldular.
Respublika Təhsil Nazirliyinin, Yasamal raonunun təhsil şöbəsinin 13 nömrəli məktəbin birgə keçirdikləri yığıncağı nazir Misir Mərdanov açaraq Azərbaycanda maarifçiliyin inkişafında, qadınların təhsilə cəlb edilməsində Şəfiqə xanım Əfəndizadənin əvəzsiz xidmətlərindən danışdı.
“Azərbaycan qadını” jurnalının məsul katibi, tarix elmləri doktoru Sabir Gəncəli “Şəfiqə xanım Əfəndizadənin həyat və fəaliyyəti”, Azərabaycan respublikası təhsil şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev “Şəfiqə xanım Əfəndiyevanın pedaqoji fikirləri”, məktəbin direktoru Rəfiqə Məmmədova “Şəfiqə xanım Əfəndizadə haqqında düşüncələr” mövzularında məruzə etdilər.
Natiqlər vurğuladılar ki, ilk təhsilini 1882-ci ildə anadan olduğu Axaltsaxe rayonunun Acğuri kəndində (Gürcüstan) atası Məhəmmədəmin Hafiz Şeyxadədən alan görkəmli maarifçi Zaqafqaziya ruhanı idarəsində müvəffəqiyyətlə imtahan verərək ana dili müəllimi şəhadətnaməsi almışdır.
Əvvələr Nuxa şəhərindəki qız sinfində dərs demişdir. Müəllimlik sənətinin ilk uğurlu addımlarını isə 1901-ci ildə Bakıda H.Z.Tağıyevin vəsaiti və H.B. Zərdabinin köməyi ilə açılmış Aleksandrinski rus-müsəlman qadın məktəbində atmışdır. Sonralar o, ikinci rus-tatar şəhər məktəbində, ikiillik pedaqoji kurslarda, darülmüəllimatda, Azərbaycan Partiya və Sovet məktəbində müəllim kimi səmərəli fəaliyyət göstərmişdir.
Məruzəçilər bildirdilər ki, 1905-1907-ci illərin inqilabi hadisələrindən ruhlanan Ş.Əfəndizadə həm də pedaqoji problemlərin həllində fəal iştirak etmişdir. O, tanınmış ana dili müəllimi kimi 1906-cı ildə müsəlman müəllimlərin 1 qurultayında iştirak etmişdir.
Akademiklər- Kamal Talıbzadə, Bəkir Nəbiyev və başqaları öz çıxışlarında yubilyarı o dövrün müxtəlif qəzet və jurnallarında ardıcıl məqalələr dərc etdirən fəal publisist və uşaq ədəbiyyatımızın ilk nümunələrini yaradan yazıçılarımızdan biri kimi səciyyələndirdilər.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ayaz Əfəndiyev nənəsinin xatirəsinə göstərilən diqqət və ehtirama görə yubileyin təşkilatçılarına və istirarkçılarına minnətdarlığını bildirdi.