CƏMİYYƏT
Göyçayda sahibkarlar, gənclər və ağsaqqallarla görüşdə bir sıra məsələlər müzakirə edilib
Göyçay, 31 iyul (AZƏRTAC). Göyçay Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən sahibkarlar, gənclər və ağsaqqallarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə görüş iştirakçılarının fikirləri, qayğı və istəkləri dinlənilib. Bildirilib ki, rayonda iş adamlarına sahibkarlıq fəaliyyəti üçün normal şərait yaradılıb.
Sahibkarlar özəl sektorun inkişafında, yeni iş yerlərinin açılmasında maraqlı olduqlarını və bunun üçün dövlətdən lazımi səviyyədə dəstək aldıqlarını bildiriblər.
Gənclər və ağsaqqallar dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, rayonda gənclərin sağlamlığı, məşğulluğunun təmin edilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımı şərait yaradılıb. Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi inşa edilərək gənclərin ixtiyarına verilib. Hazırda isə rayonda Gənclər evi inşa edilir.
Tədbirdə bir sıra məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb, suallar cavablandırılıb.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Rüfət Əliyev iştirak edib.