REGİONLAR
GÖYÇAYDA TƏŞKİL EDİLƏCƏK NAR BAYRAMI ÇƏRÇİVƏSİNDƏ 7 ÖLKƏNİN GƏNCLƏRİNİ BİRLƏŞDİRƏCƏK LAYİHƏ HƏYATA KEÇİRİLƏCƏKDİR
Bakı, 30 avqust (AZƏRTAC). “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi (İB) Türkiyədə fəaliyyət göstərən Sivil Toplum Dəstəkləmə Dərnəyi ilə əməkdaşlıq çərçivəsində cari ilin noyabr ayında keçiriləcək Nar bayramını beynəlxalq səviyyədə qeyd etməyi qarşılarına məqsəd qoymuşlar. Bununla bağlı hər iki təşkilatın sədrləri aprel ayında Ərzurum şəhərində qarşılıqlı memorandum imzalamışlar.
İB-dən AZƏRTAC-a verilən məlumata görə, həyata keçiriləcək “Bir dünya min millət” layihəsində Azərbaycan, Rusiya, Gürcüstan, Rumıniya, İtaliya, Ukrayna və Türkiyədən 7 gənclər təşkilatı və 50 gənc iştirak edəcəkdir. “Könüllülük” və “Gələcək üçün gənclik” mövzularında reallaşacaq 7 günlük layihə çərçivəsində bütün iştirakçı ölkələrin, eləcə də Göyçayın gəncləri bir araya gələcəklər.
Layihənin yerli tərəfdaşları arasında “İrəli” İB, Göyçay rayon İcra hakimiyyəti, Göyçay Olimpiya İdman Kompleksi, “AZNAR” QSC, “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyəti və s. vardır.
Layihənin internet səhifəsi beynəlxalq səviyyədə yayımlanacaq, həmçinin afişa, broşür, kitabça və digər vasitələr nəşr ediləcəkdir. Layihə haqqında informasiya çap materialları vasitəsilə 7 ölkədə yayılacaqdır. Sentyabrın 6-da Göyçay şəhər Heydər Əliyev muzeyində keçiriləcək görüşdə layihənin təqdimatı olacaqdır.