İDMAN
GÜLƏŞ ÜZRƏ “QƏLƏBƏ KUBOKU” TURNİRİNİN İLK GÜNÜ AZƏRBAYCAN İDMANÇILARI 3 MEDAL QAZANMIŞLAR
Bakı, 5 iyun (AZƏRTAC). Türkiyənin Quşadası şəhərində yeniyetmələr arasında keçirilən güləş üzrə “Qələbə Kuboku” turnirində ilk gün 42, 54 və 69 kq çəki dərəcəsində sərbəst və yunan-Roma güləşçiləri, 38, 46, 56, 65 kq çəki dərəcəsində isə qadın güləşçiləri mübarizə aparmışlar.
İlk gündə pəhləvanlarımız 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışlar.
Sərbəst güləş üzrə 69 kq çəki dərəcəsində mübarizə aparan Kamran Yunusov finalda bolqar Miroslav Milkov üzərində qələbə qazanaraq qızıl medala sahib olmuşdur. 54 kq-da Fərrux Ələkbərov bürünc medal qazanmışdır.
Qadın güləşi yarışlarında yeganə təmsilçimiz Fərəh Rəsulova 56 kq çəki dərəcəsində mübarizə aparmışdır. Azərbaycanlı güləşçi finalda türkiyəli Nur Güdülə məğlub olaraq gümüş medala yiyələnmişdir.
Turnirin ikinci günü sərbəst və yunan-Roma güləşi üzrə 46, 58, 76, 100 kq, qadın güləşi üzrə 40, 49, 60 kq çəki dərəcələrində güləşçilər mübarizə aparacaqlar.
Yarışın son günü isə sərbəst və yunan-Roma güləşi üzrə 50, 63, 85 kq, qadın güləşi üzrə 43, 52, 70 kq çəki dərəcələrində idmançılar xalça üzərinə çıxacaqlar.
Xatırladaq ki, iyunun 6-da başa çatacaq turnirdə Azərbaycan, İran, İraq, Gürcüstan, Suriya, Əlcəzair, Türkmənistan, Rusiya, Misir, Qazaxıstan, Bolqarıstan və Türkiyə daxil olmaqla 12 ölkədən 400-ə yaxın idmançı iştirak edir.
######