GÜRCÜSTAN PARLAMENTİ “ERMƏNİ SOYQIRIMI”NIN MÜZAKİRƏSİ TƏKLİFİNİ QƏTİ RƏD ETMİŞDİR
Aprelin 24-də Gürcüstan parlamentinin səhər iclasında “Vrastan” (“Gürcüstan”) qəzetinin baş redaktoru, ifrat millətçi deputat Van Bayburt söz alaraq, millət vəkillərini 1915-ci ildə türklərin guya törətdikləri “erməni soyqırımı” qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmağa, bu məsələnin müzakirəsini gündəliyə salmağa çağırdı, habelə deputatları günün sonunda Tbilisidəki erməni teatrında həmin “soyqırım”a həsr olunmuş sərgiyə dəvət etdi. İclası aparan parlament sədrinin birinci müavini Qiqi Sereteli dərhal ona cavab verdi: “Unutmayın ki, bura Ermənistan yox, Gürcüstan parlamentidir və siz bizim ölkədən millət vəkilisiniz. Burada “erməni soyqırımı”ndan söhbət gedə bilməz. Mən tam məsuliyyətlə bəyarn edirəm ki, biz “erməni soyqırımı” deyilən bir şeyi tanımırıq və tanımaq da istəmirik”.
Parlamentin erməni deputatlarından savayı, qalan bütün deputatlar V.Bayburtun təklifinə yekdilliklə kəskin etirazlarını bildirdilər. “Yeni Gürcüstan” fraksiyasının sədri İrakli Qoqava şovinist deputatın təklifinə ciddi etiraz edərək, Gürcüstan parlamentində “erməıni soyqırımı” deyilən məsələnin qaldırılmasının yolverilməz olduğunu vurğuladı və dedi ki, əgər belə addım atılarsa, bu, 500 min nəfərədək azərbaycanlının və bir o qədər erməninin də yaşadığı ölkəmizdə pis nəticələr verə bilər. O, Gürcüstanla Türkiyə arasında səmərəli əlaqələr olduğunu və Gürcüstan dövlət müstəqilliyi qazandığı vaxtdan bəri və indi də bu ölkənin Gürcüstana daim yardım etdiyini xatırlatdı.
Deputat Ramiz Bəkirov uydurma “erməni soyqırımı” məsələsinin Gürcüstan parlamentinə çıxarılması təkilifindən çox təəssüfləndiyini söylədi və ötən əsrin ilk illərindən başlayaraq ermənilərin Türkiyədə və Azərbaycanda dinc, müdafiəsiz və silahsız insanlara qarşı törətdikləri görünməmiş vəhşiliklərdən danışdı, dedi ki, əslinə qalsa, ermənilər türklərə qarşı soyqırım etmişlər.
Deputat Azər Süleymanov da öz mövqeyini bildirərək dedi ki, qondarma “erməni soyqırımı” məsələsi Gürcüstan parlamentində müzakirə edilərsə, bu, nəinki ölkədə millətlərarası münasibətlərin, həm də Gürcüstana yardımlarını əsirgəməyən Türkiyə və Azərbaycanla əlaqələrin pisləşməsinə gətirib çlxaracaqdır.
Fasilədə erməni deputatlar Azər Süleymanovun üstünə hücum çəkmək istəmiş, lakin gürcü deputatlar onların bu azğınlığının qarşısını dərhal almışlar.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi