DÜNYA
Gürcüstan parlamentinin sədri: Payız sessiyası çox gərgin keçəcək
Tbilisi, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da Gürcüstan parlamentinin payız sessiyası öz işinə başlayacaq. Parlamentin bu sessiyası çox gərgin və yüklü olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, payız sessiyasında Kommunikasiyalar üzrə Milli Komissiyanın, Gürcüstan Milli Bankının, İctimai yayımçının, Rəqabət Agentliyinin hesabatları dinləniləcək, həmçinin ötən ilin dövlət büdcəsinin icrası məsələsi müzakirə olunacaq.
Payız sessiyası ərzində, həmçinin, Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı bu qurumun 12 rekomendasiyasının icrası məsələsi də diqqət mərkəzində olacaq.
Bundan əlavə, parlamentdə, Xalq Müdafiəçisinin seçilməsi ilə əlaqədar əsasnaməyə təklif olunan dəyişikliklər, Gürcüstanın Vahid Avro Ödəniş Ərazisinə (SEPA) qoşulması ilə bağlı qanun layihələri paketinə də baxılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi