ELM VƏ TƏHSİL
Gürcüstanda beynəlxalq yay məktəbi təşkil ediləcəkdir
Bakı, 25 iyun (AZƏRTAC). Gürcüstanın Milli Əlyazmalar Mərkəzi Şota Rustavelli adına Milli Elm Fondunun dəstəyi ilə “Gürcü yazıları” mövzusunda yay məktəbi təşkil edir.
AZƏRTAC xəbər verir ki, proqram Gürcüstan mədəniyyəti, xüsusilə də, gürcü yazılarının və əlyazmalarının tarixi ilə maraqlanan xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur.
Yay məktəbinin təşkilində əsas məqsəd gürcü yazılarını, gürcü mədəniyyətini beynəlxalq səviyyədə tanıtmaqdır. İngilis dilində keçiriləcək proqrama hər kəs qoşula bilər. Proqramın aparıcı qrupları xarici tədqiqatçılar və tələbələrdən ibarətdir.
Yay məktəbi iyulun 17-dən 26-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunacaqdır. İştirakçıların qida və səyahət ilə bağlı bütün xərcləri Milli Əlyazmalar Mərkəzi tərəfindən ödəniləcəkdir.
Maraqlananlar ərizə formasını doldurub iyulun 2-dək Milli Əlyazmalar Mərkəzinin [email protected] e-mail ünvanına göndərə bilərlər.
Proqrama seçilmiş namizədlərə iyulun 7-dək məlumat veriləcəkdir.