GÜRCÜSTANDA HƏRBİ XƏRCLƏR HAMIDAN SÜRƏTLƏ ARTIR
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, bu, bütün dünyada silah bazarını tədqiq edən Stokholm Beynəlxalq Sülh Problemləri İnstitunun illik məruzəsində bildirilir.
Məruzəyə görə, Tbilisinin silahlar üçün xərcləri bir il ərzində, demək olar, 2,5 dəfə artaraq, 146 milyon dollara çatmışdır. Bu, Avropa, Yaxın Şərq ölkələri ilə müqayisədə çox deyil, lakin artım sürəti baxımından Gürcüstan hamını, o cümlədən də qonşu Azərbaycanı və Ermənistanı geridə qoymuşdur.
İnstitut hərbi xərclərin belə sürətlə artırılmasını Gürcüstanın NATO-ya daxil olmaq arzusu ilə izah edir. Lakin mütəxəssislər bunda Tbilisinin ondan ayrılmış Abxaziyanı və Cənubi Osetiyanı özünə qaytarmaq niyyətini görürlər.
Əlbəttə, Gürcüstanın, eləcə də digər hər hansı kiçik bir ölkənin hərbi xərcləri ABŞ-ın silah-sursat almağa çəkdiyi xərclərlə heç müqayisə oluna bilməz. Keçən il dünyada müdafiəyə çəkilən xərclərin 48 faizi ABŞ-ın payına düşmüşdür. Məruzənin müəllifləri İraq və Əfqanıstan müharibələrini nəzərə alaraq, ABŞ-ın hərbi xərclərinin bu il də artıracağını gözləyirlər.
Bütün dünya üzrə götürdükdə isə, hərbi xərclər 1,12 trilyon dollar təşkil etmişdir ki, bu da yer kürəsində ümumi daxili məhsulun 2,5 faizinə bərabərdir və 2004-cü ildəkinə nisbətən 3,5 faiz çoxdur. Planetin hər sakininə ildə 172 dollar hərbi xərc düşür. Söz yox ki, bu, müxtəlif ölkələr üçün müxtəlifdir. Məsələn, bir amerikalının payına ildə 1604 dollar, israillinin payına isə 1430 dollar düşür.
Məruzənin müəllifləri bildirirlər ki, İkinci dünya müharibəsindən bəri silahlı münaqişələrin sayının ən aşağı səviyyəyə düşməsinə və keçən il ölkələr arasında müharibələr olmamasına baxmayaraq, dünyada silahlanmaya çəkilən xərclər artır.