QAN YADDAŞI
HAAQA BEYNƏLXALQ HÜQUQ AKADEMİYASININ KİTABXANASINA “XOCALI SOYQIRIMI” ADLI 16 CİLDLİK KİTAB TOPLUSU TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Niderlandın Haaqa şəhərində bir sıra beynəlxalq məhkəmələrin, Beynəlxalq Hüquq Akademiyasının və digər beynəlxalq hüquq üzrə ixtisaslaşmış mərkəzlərin yerləşdiyi Sülh Sarayının Kitabxanasında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi tərəfindən təşkil olunmuş Xocalı faciəsindən bəhs edən kitabların təqdimat mərasimi keçirilmişdir.
Kitabxananın direktoru Jerun Ferfilt Azərbaycan diaspor nümayəndələrinin təşəbbüsünü yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu mövzuda olan kitabların dünyanın beynəlxalq hüquq üzrə ixtisaslaşmış ən zəngin kitabxanasında yerləşdirilməsi beynəlxalq hüquq sahəsində fəaliyyət göstərən hakimlər, diplomatlar, alim və tədqiqatçılar üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumat mənbələrinin əldə edilməsində yeni imkanlar yaradacaqdır.
Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərov mərasimin keçirilməsinə görə kitabxananın və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin rəhbərliyinə təşəkkürünü bildirərək, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi universal beynəlxalq hüquq norma və prinsiplərinin pozulmasından irəli gələn təcavüzün dəhşətli nəticələrini işıqlandıran kitabların məhz beynəlxalq hüququn paytaxtı sayılan Haaqa şəhərində, beynəlxalq hüquq norma və prinsiplərinin tətbiqi və müdafiəsini təmin edən beynəlxalq məhkəmələrin məskunlaşdığı Sülh Sarayının Kitabxanasına təqdim olunmasını əlamətdar hadisə kimi qiymətləndirmişdir.
Səfir demişdir ki, Azərbaycanın münaqişəyə dair mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu mövqeyi əks etdirən materialların dünyanın beynəlxalq hüquq üzrə ixtisaslaşmış aparıcı kitabxanası tərəfindən qəbul edilməsi münaqişə haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, ölkəmizin münaqişənin həlli ilə bağlı yanaşmalarının tamamilə ədalətli və beynəlxalq dəstəyə əsaslandığını bir daha təsdiqləyir.
Səfir erməni təcavüzü və Xocalı faciəsinə dair Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitabları, həmçinin mövzuya aid xarici müəlliflərin nəşrlərini kitabxana rəhbərliyinə təqdim etmişdir. Göstərilən kitabla yanaşı, müasir Azərbaycanın nailiyyətlərini əks etdirən materiallar və ilk dəfə holland dilində nəşr olunmuş Qurban Səidin “Əli və Nino” kitabı kitabxanaya hədiyyə edilmişdir.
“Dua” filminin nümayişindən sonra 16 azərbaycanlı gənc tərəfindən “Xocalı soyqırımı: bir milyon imza-yeganə tələb” adlı 16 cildlik kitab toplusu kitabxana direktoru Jenun Ferfiltə təqdim olunmuşdur.
Həm “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin, həm də səfirliyin təqdim etdiyi materiallar kitabxana müdiriyyəti tərəfindən böyük məmnunluqla qəbul olunmuşdur. Dünyanın bütün hüquqşünasları üçün bu kitablardan geniş istifadə imkanları yaradılacağı əmin edilmişdir.
Tədbirin sonunda Xocalı faciəsi şəhidlərinin xatirəsinə ehsan verilmişdir.
######