Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı
Bakı, 5 mart, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunan konsert proqramı təqdim olunub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, gecədə muğam sənətinin tanınmış ifaçıları səhnəyə çıxıblar.
Konsert proqramında Azərbaycan muğam sənətinin müxtəlif təsnifləri və xalq mahnıları səsləndirilib. Gecə “Segah”, “Bayatı-Şiraz”, “Çahargah” və “Rast” təsnifləri, eləcə də “Ay Dilbər” kimi sevilən xalq mahnılarının ifası ilə yadda qalıb.
Hacıbaba Hüseynovun zəngin muğam irsini yad edən bu musiqi axşamı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.