Hacıqabul ərazisində qəza zamanı yol təsərrüfatına ziyan dəyib
Bakı, 19 aprel, AZƏRTAC
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 110-cu kilometrində, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Hacıqabul şəhəri istiqamətində hərəkətdə olan 99JF057 dövlət nömrə nişanlı “MAN” markalı yük maşınının sürücüsü naməlum səbəbdən idarəetməni itirib və yük maşını yol ayrıcında quraşdırılmış metal təhlükəsizlik səddini dağıdaraq, qarşı tərəfə çıxaraq aşıb.
Baş vermiş qəza nəticəsində yol ayrıcında quraşdırılmış 60 poqonmetr uzunluğunda əyrixətli dəmir tirlər sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyətı üzrə göndərilib.