Hacıqabulda 24 mindən çox rayon sakini kütləvi tibbi müayinədən keçirilib
Hacıqabul, 1 aprel, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da əhalinin kütləvi dispanserizasiyası uğurla davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, humanitar aksiya rayon üzrə 53 min 512 nəfərdən çox əhalini əhatə edir. Sakinlərin aksiyadan kənarda qalmaması üçün kənd, qəsəbə və kollektivlərdə kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. İcra hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi və qəsəbə, kənd sahə tibb məntəqələrində müayinələrin mütəşəkkil keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Qrafikə əsasən, fevralın 12-dən indiyədək 24 min 740 nəfər müayinə olunub. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir.
Müayinələr zamanı xəstəlik aşkar olunan sakinlərdən 756 nəfəri ambulator, 145 nəfər stasionar müayinəyə cəlb olunub, 25 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 38 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının sağlamlığına qayğıkeş münasibəti sakinlər tərəfindən razılıqla qarşılanır.