REGİONLAR
Həkim briqadaları müayinələr aparır
Kəngərli, 25 iyul, AZƏRTAC
Muxtar respublikada əhali arasında yarana biləcək xəstəliklər və onların yoluxma yolları və profilaktikası istiqamətində mütəmadi olaraq səhiyyə maarifi işləri aparılır. Belə tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası tərəfindən muxtar respublika ərazisində vərəm xəstəliyinin erkən aşkarlanması və müalicə profilaktikası istiqamətində aparılan tədbirlərdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dispanserin həkim briqadası Kəngərli rayonunun Qarabağlar kəndində əhali arasında vərəm xəstəliyinin erkən aşkarlanması məqsədilə müayinələr aparıb. Qarabağlar kənd ambulatoriyasında aparılan müayinələrdə sakinlərdən 33-ü həkim ftiziatr tərəfindən yoxlanılıb və flüoroqrafiya müayinəsi aparılıb. Müayinələr zamanı şübhəli olan 6 nəfərə mantu sınağı qoyulub, vərəmə şübhəli olan 3 nəfərdən bəlğəm nümunəsi götürülüb.
Patologiya aşkar olunan xəstələr Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə əlavə müayinə və müalicələrin aparılması üçün dəvət olunub. Dispanserin həkim briqadası əhali arasında vərəmin erkən aşkarlanması və diaqnostikası istiqamətində maarifləndirici söhbətlər də aparıb.
Muxtar respublika əhalisinin sağlamlığının qorunması və təmin edilməsi məqsədilə bu cür tədbirlər davam etdiriləcək.