MƏDƏNİYYƏT
Həmidə Xanım Cavanşirin “Xatirələrim” kitabının təqdimatı olmuşdur
Bakı, 26 noyabr (AZƏRTAC). Noyabrın 26-da Kitab Klubunda dövrünün görkəmli ictimai xadimi, xeyriyyəçi və maarifçisi Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, kitab Qadınlar üçün Qlobal Fondun (ABŞ) dəstəyi ilə nəşr olunmuşdur. Əsər oxuculara ilk dəfə tam şəkildə təqdim edilmişdir. Kitabın tərcüməçisi Mehriban Vəzir, redaktoru Ədalət Tahirzadədir.
Tədbirdə Kitab Klubunu direktoru Elxan Rzayev əsər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, müəllif bu kitabda atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” dərgisi, Qafqaz-İslam Ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dövründə Qarabağın vəziyyəti haqqında geniş məlumat vermişdir. Sovet hakimiyyətinin qurulmasından sonra ailənin necə məşəqqətlə Təbrizə köç etməsi, “Molla Nəsrəddin”in Təbrizdə nəşri, Bakıya döndükdən sonra ailənin ağır vəziyyətə düşməsi və digər hadisələr kitabda oxunaqlı dillə təsvir etmişdir.