Henrik Hololeyi: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çox vacib dönüş nöqtəsidir
Vaşinqton, 22 may, AZƏRTAC
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çox vacib dönüş nöqtəsidir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Vaşinqtonda Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunmuş 8-ci Trans-Xəzər Forumunda iştirak edən Avropa Komissiyası Beynəlxalq Tərəfdaşlıq üzrə Baş direktoru Henrik Hololeyi deyib.
O, son bir ildə Orta Dəhlizlə bağlı əhəmiyyətli inkişafın şahidi olmaqdan məmnun olduğunu bildirib. “Bu dəhliz həqiqətən yeni İpək yolu olmaq istiqamətində inkişaf etdi. Bu layihə Mərkəzi Asiya və Avropa arasında çox vacib körpü rolunu oynayır. Təbii ki, Azərbaycan bu layihənin mərkəzindədir. Belə ki, Xəzər dənizinin şərq tərəfindən gələn bütün yollar Azərbaycandan keçməlidir. Burada Ələt limanının, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin həcmi xüsusi rol oynayır”.
Avropa Komissiyası rəsmisi bildirib ki, bu layihə 10-dan çox ölkəni, o cümlədən Avropa ölkələrini və Ukraynanı bir araya gətirir: “Həmçinin Orta Dəhliz kimi tanınan bu layihə siyasi gündəlikdə əhəmiyyətli yerə malikdir. Bu istiqamətdə bir çox işlər görülüb və görülməkdə davam edir. Aİ bu xəttin Avropa ilə Asiya arasında müasir, davamlı, sərfəli və effektiv bağlantı olması üçün tərəflərlə işləməyə davam edir”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton