MƏDƏNİYYƏT
HƏQİQƏT AXTARIŞINDA KAMAL ABDULLANIN YENİ PYESİ
“Mütərcim” Tərcümə mərkəzində çapa hazırlanmış əsərə “Yuğ” teatrının rəhbəri, rejissoru Vaqif İbrahimoğlunun yazdığı ön söz “Həqiqətin astanasında” adlanır. Öz məğzi etibarilə müasir antirəvayət olan pyesə qısa, lakin kifayət qədər dolğun təhlil verilmiş ön sözdə deyilir: ” İnferal mübarizənin finalında xülasə yoxdur, həqiqət ortaya çıxmır və deməli, onun dərk olunması da nəzərdə tutulmur”.
Əsərin mövzusu müasir ədəbiyyatda olduqca aktualdır. Xalq inamına görə, bu dünyanın sərhədində insanın ruhunu o biri dünyadan gəlmiş bələdçi, mediator qarşılayır ki, onun Yoxluğa - əbədiyyətə, Varlığın o biri tərəfinə keçməsini asanlaşdırsın. Qəhrəman “bu barədə” hər şeyi bilir və bu səbəbdən də hər vəchlə - bunun mümkün olmadığına əmin olsa belə - öz “həqiqət anı”nı uzatmağa, yubatmağa çalışır...
Duyumlar dramının qəhrəmanları kişi və qadındır. Onların arasındakı mübarizənin predmeti Kosmosda əriməsindən əvvəl ruhu ağırlaşdıran, ona yük olan hər şeydən imtina etməkdir.
Kamal Abdullanın pyesi Həqiqətin açılması iddiasında deyildir: müəllifin özü kimi, oxucu-tamaşaçı da onun astanasında saxlanılır: Nəhayət, nədir Həqiqət?
Əsəri rus dilinə Gülnarə Şıxəli qızı, ingiliscəyə Zeydulla Ağayev, fransızcaya Əziz Gözəlov, almancaya Çərkəz Qurbanlı, ispancaya Rəna Qafarova məharətlə tərcümə etmişlər.