CƏMİYYƏT
Hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği son 8 ildə 3 dəfədən də çox artıb
Bakı, 31 iyul (AZƏRTAC). Ünvanlı sosial yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-cı ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü il yanvarın 1-dən 100 manata çatdırılıb. Bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də müşahidə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə ünvanlı sosial yardım proqramına başlanıldığı 2006-cı ildə hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 44,28 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3 dəfədən də çox artaraq hazırda 133,6 manat təşkil edir.
Cari il iyulun 1-nə respublikamızda 559 min 834 nəfər ailə üzvünü əhatə edən 128 min 25 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Həmin ailələrdən 37 min 208-i tərkibində 3 və daha çox uşağı olan, 11 min 596-sı məcburi köçkün, 307-si isə şəhid ailələridir. Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 5 min 805 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 276 min 134 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6 min 50 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 32 min 789 nəfərdir.
Son vaxtlar ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə belə yardım alan ailələrin, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Eyni zamanda, ünvanlı yardımların təyinatı prosesinin avtomatlaşdırılması, beləliklə, bu sistemin tam şəffaflaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq islahatlar aparılır.