HƏRBİ ALİ MƏKTƏBLƏRİN MƏZUNLARINA DİPLOMLAR VERİLMİŞDİR
Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Heydər Piriyev müdafiə naziri general-polkovnik Səfər Əbiyevə raport verdikdən sonra nazir zabit heyətini, məzunları, müdavimləri, tədbirdə iştirak edən valideynləri və qonaqları salamladı.
Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Müdavimlər Dövlət himnini ifa etdilər.
Müdafiə naziri Səfər Əbiyev mərasimdə çıxış edərək dedi ki, ilk
dəfədir hər üç ali məktəbin məzunlarının buraxılış mərasimi eyni vaxtda keçirilir. Silahlı Qüvvələri peşəkar zabit kadrları ilə təmin etmək üçün mükəmməl hərbi təhsil lazımdır. Ona görə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsində islahatlara hərbi təhsil sisteminin yenidən yaradılması ilə başladı. Bu gün nailiyyətlər göz qabağındadır. İndiyədək keçirilən bütün buraxılışlarda Ali Baş Komandan şəxsən iştirak etmiş, gənc zabitlərə xeyir-dua vermişdir. Məlum səbəblərə görə o, bugünkü tədbirdə iştirak etmir. Lakin onun qəlbi sizinlədir və icazə verin sizi, Azərbaycan Silahlı Qüvvələrinin zabiti olmaq şərəfinə layiq görülməyiniz münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyevin adından təbrik edim, hər birinizə cansağlığı, xoşbəxtlik və Vətənə xidmətinizdə uğurlar arzulayım.
Sonra nazir mərasim iştirakçılarına hər üç ali hərbi məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi, müdavimlərin təhsil və təlim səviyyəsinin yüksəldilməsi, idman nailiyyətlərinin artırılması istiqamətində görülən işlər, bu təhsil ocaqlarının beynəlxalq əməkdaşlığı barədə məlumat verdi, respublikada sağlam gəncliyin yetişməsində Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xidmətlərini vurğuladı.
Natiq bildirdi ki, tədris ili müddətində Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup müdavimi Türkiyə Respublikasında keçirilən “Hərbi məktəblər həftəsi”ndə, Ali Hərbi Təyyarəçilik Məktəbinin müdavimləri qardaş ölkənin Hərbi Hava Məktəbi və Türkiyə Hərbi Hava Qüvvələrinin İzmir şəhərindəki üçuş mərkəzindəki tədbirlərdə iştirak etmiş, Ali Hərbi Dənizçilik Məktəbinin 3-cü kurs müdavimləri və məzunları Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərində təcrübə keçmişlər. Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup müdavimi iyulun 9-dan 23-dək NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Ukraynanın Lvov şəhərində keçirilən “Sülhün sipəri-2003” komanda-qərargah təlimlərindən yenicə qayıtmışdır. Təlimlər zamanı əldə etdikləri uğurlara görə baş leytenant Mirəhməd Seyidov və müdavim Ramin Ağayev ABŞ Silahlı Qüvvələri Komandanlığı tərəfindən müvafiq olaraq “Fəxri medal” və “Hərbi nailiyyətlərə görə” medalı ilə mükafatlandırılmışlar.
Nazir xatırlatdı ki, xarici ölkələrin – Türkiyə, ABŞ, Ukrayna, Fransa, Litva, Rumıniya, Çexiya, Bolqarıstan və digər dövlətlərin ali hərbi məktəblərinin müdavimləri də Azərbaycanın ali hərbi məktəblərində olmuşlar.
Gənc leytenantlara, ilk növbədə Silahlı Qüvvələrin nizamnamələrini dərindən öyrənməyi tövsiyə edən nazir əmin olduğunu bildirdi ki, bugünkü məzunlar, ali hərbi məktəblərdə təhsil alan müdavimlər, bu məktəblərin müəllim və professor heyətləri, ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti qarşıdan gələn prezident seçkilərində öz Alı Baş Komandanlarını - Heydər Əliyevi dəstəkləyəcəklər.
Mərasimdə təhsil və intizam sahəsində ilk 5 yeri tutan məzunlara diplomlar təqdim olundu. Onlar məktəblərin yaş kötüklərinə ulduz və emblem vurdular.
Diplom alan məzunlar bundan sonra zabit kimi Vətənə sədaqətlə xidmət edəcəklərini, hərbi anda sadiq qalacaqlarını və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığı uğrunda canlarından belə keçməyə hazır olduqlarını bildirdilər.
Sonra döyüş bayrağının təhvil-təslimi, təntənəli rəsmi keçid oldu, zabitlər marşı ifa edildi.
Mərasimdə nazirlər, Komitə sədrləri, generallar, Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz, qardaş ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri iştirak edirdilər.