İQTİSADİYYAT
Heybət-Puta mənzilində daha 4 kilometr yolun əsaslı təmiri başa çatmışdır
Bakı, 10 mart (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 6-da Heybət-Puta mənzilinin 510-513-cü kilometrində daha 4 kilometr yolun əsaslı təmirinə başlanmış və martın 10-da günorta saatlarında iş başa çatdırılmışdır.
Bununla da Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunmuş yolun uzunluğu 65,5 kilometrə çatmışdır.
Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri adıçəkilən Dövlət Proqramının icrası istiqamətində Azərbaycan Respublikası hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi” çərçivəsində Çexiyanın “İxrac” Bankının ayırdığı 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir.
Əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanmışdır. Bu işlərə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin 4 nömrəli ixtisaslaşdırılmış dəmir yolu müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunmuşdur. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaqdır.