“HEYDƏR ƏLİYEV MƏKTƏBİ”NİN FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞDUR
Mayın 22-də Səbail Rayon Polis İdarəsi nəzdindəki “Heydər Əliyev məktəbi”nin fəaliyyətinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
İdarənin rəisi, polis polkovniki Nazim Nağıyev “Heydər Əliyev məktəbi”nin fəaliyyəti barədə məruzə etdi. Sonra “Heydər Əliyevin dövlət idarəçilik təcrübəsinin öyrənilməsinin əhəmiyyəti”, “Heydər Əliyev ümummilli liderimizdir”, “Heydər Əliyev tarixi şəxsiyyətdir”. “Heydər Əliyev və gənclik”, “Heydər Əliyev hər bir vətəndaşın hüquqlarının müdafiəsinin təminatçısıdır” və başqa mövzularda məruzələr dinlənildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Milli Məclisin deputatları Mikayıl Mirzə, Əli Əhmədov, Şahlar Əsgərov və başqaları konfransda çıxış etdilər. Məruzələrdə və çıxışlarda vurğulandı ki, Heydər Əliyevin yenidən respublika rəhbərliyin qayıdışı müstəqil Azərbaycanın həyatında yeni tarixi mərhələnin başlanğıçı olmuşdur. O vaxtdan ötən illər həyatın bütün sahələrində ölkəmizin dinamik inkişaf yoluna çıxması ilə səciyyələnir. Xalqını, vətənini öz canı qədər sevən Prezident Heydər Əliyev məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan müstəqil dövlət kimi dünya birliyində layiqli yerini tutmuşdur.
Natiqlər bildirdilər ki, Prezident Heydər Əliyevin mənalı həyatı ölkəmizin hər bir vətəndaşı üçün böyük məktəbdir. Bu məktəbi öyrənmək, ondan bəhrələnmək hamımız üçün, xüsusən gənclərdən ötrü olduqca zəruridir. Konfrans iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul etdilər.