“HEYDƏR ƏLİYEV. MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” KİTABININ 22-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
“Bu gün “Əsrin müqaviləsi”nin beşinci ildönümünə həsr olunmuş təntənəli mərasimdə bu müqavilənin siyasi, iqtisadi, sosial, mənəvi əhəmiyyəti haqqında ətraflı danışıldı. Ancaq bu gün bizi daha da çox sevindirən müqavilənin özü deyil, beş il müddətində onun uğurla icra olunması və verdiyi müsbət nəticələr, bizim müştərək işlərimizin böyük nailiyyətləridir.
…“Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş bir tarixi hadisədir. Biz yalnız müstəqil dövlət olandan sonra dünyanın müxtəlif ölkələri, neft şirkətləri ilə sərbəst, heç kəsdən asılı olmayaraq danışıqlar aparmaq imkanı əldə etmişik və bu sahədə gördüyümüz işlərin ən görkəmlisi, ən böyüyü, ən mühüm tarixi əhəmiyyət kəsb edəni “Əsrin müqaviləsi”nin hazırlanıb imzalanması idi. Bu gün təntənəli mərasimdə artıq deyildi ki, bu müqavilənin hazırlanması ilə biz nə cür ağır şəraitdə məşğul olmuşuq, daxili və xarici qüvvələrin yaratdığı nə qədər çətinliklərlə qarşılaşmışıq. Ancaq biz iradə və əzm göstərmişik, risk etmişik və “Əsrin müqaviləsi”ni imzalamağa nail olmuşuq.
…Biz böyük işin başlanğıcındayıq. Bu gün gördüyümüz bütün işlər, “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
Bu sözlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin Azərnəşr tərəfindən yenicə, ulu öndərin anadan olmasının 85 illiyinin ölkəmizdə geniş miqyasda qeyd edildiyi günlərdə çapdan buraxılmış 22-ci cildindən götürülmüşdür. Ümummilli liderin 1999-cu il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin beşinci ildönümü şərəfinə Azərbaycan Prezidentinin adından, vaxtilə bu tarixi müqavilənin imzalandığı “Gülüstan” sarayında təşkil olunmuş rəsmi qəbulda nitqində böyük uzaqgörənliklə söylədiyi bu fikirlərin indi artıq həqiqətə çevrildiyini Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli dinamik inkişafında görür və xalqımızın dahi oğlunun misilsiz xidmətlərini bir daha minnətdarlıqla xatırlayırıq.
Nəşrin buraxılışına məsul Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevdir.
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibətilə keçirilən bayram şənliklərində iştirakı, Türkiyəyə işgüzar səfəri ilə bağlı materialların geniş yer tutduğu bu cilddə ulu öndərin Bakıda Türkiyə Prezidenti Süleyman Dəmirəl və Polşa Prezidenti Aleksandr Kvasnevski ilə apardığı danışıqlar, xarici ölkələrin nümayəndə heyətləri ilə görüşləri barədə materiallar, habelə kütləvi informasiya vasitələrinə müsahibələri, dövlət və hökumət başçılarına, müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarına ünvanlanmış təbrikləri və sair də toplanmışdır.
1999-cu ilin sentyabr-noyabr aylarını əhatə edən bu cilddəki materiallar oxuculara xalqımızın dahi oğlunun memarı və qurucusu özü olduğu müasir Azərbaycan dövlətinin müstəqilliyinin daha da möhkəmlənməsi, hərtərəfli inkişafı, beynəlxalq mövqelərinin güclənməsi sahəsində yorulmaz, qətiyyətli və məqsədyönlü fəaliyyətinin çox qısa olsa da, hadisələr baxımından dolğun və zəngin bir zaman kəsiyi ilə bir daha tanış olmağa imkan verəcəkdir.
######
