HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ
“Azərbaycan Universiteti” nəşriyyatı “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” kitabını çapdan buraxmışdır. Kitabın müəllifi və tərtibçisi fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov, elmi redaktoru və ön sözün müəllifi fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevdir.
Əsər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən birinə - azərbaycançılığın milli ideologiyamızın tərkib hissəsi kimi formalaşması probleminə həsr olunmuşdur.
Kitab dövlətimizin başçısı Heydər Əliyevin rəngli fotoşəkli və “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır!” sözləri ilə açılır.
Ön sözdə “azərbaycançılıq” təliminin mahiyyəti açıqlanır və bu təlimin yaradılması və inkişafında Heydər Əliyevin misilsiz rolu işıqlandırılır. Professor Ramiz Mehdiyev müasir şəraitdə Prezident Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərini qorumaq və inkişaf etdirmək uğrunda necə məqsədyönlü siyasət yeritdiyini və bu istiqamətdə hansı real addımlar atdığını vurğulayır. Məhz bu siyasətin nəticəsidir ki, indi Azərbaycanda dövlətçilik özünü təkcə siyasi-hüquqi hadisə kimi deyil, həm də konkret milli-mənəvi gerçəkliyin təsbit olunması kimi göstərir. Bu gerçəkliyin milli ideologiya səviyyəsində təzahürü isə məhz azərbaycançılıq təlimidir.
“Dünya azərbaycanlıları və azərbaycançılıq ideyası” adlanan birinci fəsildə Prezident Heydər Əliyevin Azərbaycanın siyasi lideri olmaqla yanaşı, həm də bütün dünya azərbaycanlılarının milli lideri olduğu və azərbaycançılıq təliminin də bütün dünya azərbaycanlılarına ünvanlandığı göstərilir. Bu fəsildə azərbaycançılıq müxtəlif aspektlərdə nəzərdən keçirilir və onun əsas məzmununun ilk növbədə milli mədəniyyətlə bağlı olması izah edilir.
“Vahid mədəni-mənəvi məkan” sərlövhəli sonrakı fəsildə Azərbaycanda yaşayan bütün yerli xalqlar üçün ümumi olan cəhətlərdən, mədəniyyətin sinkretik rolundan bəhs edilir. Göstərilir ki, Azərbaycan Prezidenti ölkədə mədəni-mənəvi mühitin formalaşmasına xüsusi diqqət yetirir, mədəni-mənəvi abidələrimizi bütün azərbaycanlıların ümumi sərvəti sayır və bu amilə dövlət quruculuğunun üzvi tərkib hissəsi kimi baxır.
Üçüncü fəsildə milli-etnik və milli-siyasi amillərin müqayisəli təhlili verilir və Prezident Heydər Əliyevin dövlətçiliyin inkişafında milli-siyasi özünüdərkə böyük önəm verdiyi vurğulanır. Azərbaycançılıq millətin həm etnik, həm də siyasi müstəvidə özünüdərkini nəzərdə tutur. Bu fəsildə qloballaşma şəraitində Azərbaycanın öz milli-mədəni keyfiyyətlərini qoruyub-saxlamaq əzmindən və məhz milli-siyasi lider kimi Prezident Heydər Əliyevin müasirlik və milli ənənələri əlaqələndirmək məharətindən bəhs olunur.
Milli dövlətçiliyimizin inkişafında və azərbaycançılığın bir milli-siyasi məfkurə kimi formalaşmasında Azərbaycan dilinin rolu ayrıca fəsildə təhlil olunur və Prezident Heydər Əliyevin dövlət dilinin tətbiği və inkişafı ilə əlaqədar qətiyyətli mövqeyi şərh edilir. Heydər Əliyevin özünün Azərbaycan dilini mükəmməl bilməsi, siyasi-hüquqi, diplomatik və inzibati dil üslublarının formalaşmasında bilavasitə iştirak etməsi onun milli dilə dövlət qayğısı ilə vəhdət halında nəzərdən keçirilir.
Sonrakı fəsillərdə milli-fəlsəfi fikrin və milli-mənəvi kamilliyin dövlətçilik üçün əhəmiyyətindən bəhs olunur.
Kitabın ikinci hissəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin milli məfkurə, Azərbaycan dili və mədəni-mənəvi dəyərlərimizlə bağlı nitqləri, bəyanatları və fərmanları öz əksini tapmışdır.