SİYASƏT
“HEYDƏR ƏLİYEV VƏ MƏNƏVİ-ESTETİK DƏYƏRLƏR”
XX əsrin son qərinəsində və XXI yüzilliyin əvvəllərində Azərbaycanda, ümumən keçmiş SSRİ məkanında, eləcə də dünya miqyasında gedən prosesləri zəmanəmizin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şəxsiyyətindən kənarda təsəvvür etməyin mümkün olmadığını vurğulayan alimlər birmənalı şəkildə bildirirlər ki, bu, onun haqqında müxtəlif səpkidə yeni-yeni tədqiqat əsərlərinin meydana gəlməsinə təkan verəcəkdir. Belə əsərlərdən biri də filologiya elmləri namizədi, respublika MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Xatirə Quliyevanın Azərnəşr tərəfindən yenicə çapdan buraxılmış “Heydər Əliyev və mənəvi-estetik dəyərlər” monoqrafiyasıdır.
Əsər giriş, dörd hissə, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Prezident Heydər Əliyevin fəaliyyətinin müxtəlif məqamlarını mənəvi-estetik dəyərlər prizmasından nəzərdən keçirən müəllif belə bir mühüm ideyanın üzərində dayanır ki, cəmiyyətdə estetik kateqoriyalar inkişaf etdirilərsə gözəlliyin dialektikası təmin olunar, eyni zamanda bu, dövlətin başçısının müdrik, düşünülmüş daxili siyasətinin xalq, cəmiyyət üçün nə qədər faydalı olduğunu aydın şəkildə nümayiş etdirər.
Müəllif qarşıya qoyduğu problemin dərindən araşdırılması və qiymətləndirilməsi üçün dörd istiqaməti müəyyənləşdirir və bunların hər biri Heydər Əliyev kimi böyük siyasətçinin dövlət idarəçiliyində estetik gözəlliyi öyrənməyə geniş imkanlar açır. Estetik gözəllik hissinin insana anadangəlmə verildiyini, hətta insan bunu müəyyən sənət ardınca gedib inkişaf etdirmədikdə belə, həmin hissi itirmədiyini, nə vaxtsa onun fəaliyyətində təzahür edəcəyini vurğulayan tədqiqatçı bu fikrini əsaslandırmaq üçün böyük Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə əlaqədar 1995-ci ildə keçirilmiş müşavirədə Prezident Heydər Əliyevin nitqindən bir parçanı misal gətirərək deyir ki, burada dövlətimizin başçısının estetik zövqü, xalqın tarixi keçmişinə, qüdrətli sənətkarlarının xatirəsinə diqqət və qayğı ilə yanaşmağa çağırışı da öz əksini tapmışdır.
Kitabda belə bir cəhət də xüsusi vurğulanır ki, Azərbaycan Prezidenti özünün dövləti fəaliyyətində mədəniyyətlə bağlı məsələlərdə milliliyə daha çox diqqət yetirir. Başqa sözlə, daim tövsiyə edir ki, tikilən binalar, ucaldılan abidələr, keçirilən tədbirlər gözəl olmaqla, insanların zövqünü oxşamaqla yanaşı, eyni zamanda milli üslubda olmalı, xalqımızın milli mentalitetinə cavab verməli, milli xüsusiyyətlərini özündə yaşatmalı və təbliğ etməlidir.
Prezident Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində görülmüş işlərdən çoxsaylı faktlar gətirən müəllif dövlətimizin başçısının mənəvi-estetik dəyərlərin inkişafına böyük qayğısının dövlətçilik siyasəti ilə sıx bağlı olduğunu göstərir.
Monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi fəlsəfə elmləri doktoru Vəli Həbiboğlu, rəyçi fəlsəfə elmləri doktoru Telman Hacıyevdir.