“HEYDƏR ƏLİYEV VƏ VERGİ SİYASƏTİ”
AZƏRTAC xəbər verir ki, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində “Vergilər” qəzetinin və “Azərbaycanın vergi xəbərləri” jurnalının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və vergi siyasəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Vergilər Nazirliyində təsdiq edilmiş müvafiq plana əsasən təşkil olunmuşdur.
Nazir Fazil Məmmədov və dəyirmi masa iştirakçıları Departamentin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoymuş, əziz xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Sonra tədbir konfrans zalında davam etmişdir.
Fazil Məmmədov ümummilli liderin şərəfli siyasi fəaliyyəti barədə danışmış, ulu öndərin ömrünü Azərbaycan xalqına həsr etdiyini vurğulamışdır. Natiq Heydər Əliyevin doğma Azərbaycanı ən ağır günlərdə xilas etdiyini, müstəqil dövlət kimi bütün dünyaya tanıtdığını və ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutmasında əvəzsiz xidmətlər göstərdiyini bir daha xatırlatmışdır. O qeyd etmişdir ki, tarixdə şəxsiyyətlərin böyüklüyü, bir tərəfdən, gördükləri işlərin əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən, bu fəaliyyətin gələcək əks-sədası, uzun illər ərzində hadisələrin axarına təsiri ilə müəyyənləşir. Bu baxımdan, ulu öndərin şah əsəri olan müasir Azərbaycan və onun inkişaf konsepsiyası müstəqil dövlətçiliyimizin əsasını təşkil edir.
Nazir Azərbaycanda aparılan iqtisadi islahatların, o cümlədən bu islahatların ayrılmaz tərkib hissəsi olan vergi siyasətində köklü dəyişikliklər dövrünün mühüm bir hissəsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırmış, ulu öndərin bu istiqamətdə gördüyü işləri xatırlatmışdır.
Akademik Asəf Nadirov ümummilli lider haqqında şəxsi düşüncələrini bölüşmüşdür.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyası sədrinin müavini Azər Əmiraslanov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunun direktoru, professor Sadiq Salayev, AMEA-nın müxbir üzvü Əli Nuriyev, BDU-nun kafedra müdiri Rüstəm Məmmədov və başqaları çıxış etmişlər.
Tədbiri yekunlaşdıran vergilər naziri Fazil Məmmədov iştirakçılara təşəkkürünü bildirmiş, ümummilli liderin həyat və fəaliyyətinin gələcək nəsillər üçün daim örnək olacağını vurğulamışdır.
