Hindistanda “Fani” siklonu səbəbindən milyondan çox insan təxliyə edilib VİDEO
Bakı, 3 may, AZƏRTAC
Hindistanın sahilyanı Odişi ştatının hakimiyyət orqanları yaxınlaşan “Fani” siklonu səbəbindən milyondan çox insanı təxliyə edib və onları sahildən kənarda müvəqqəti yaşayış düşərgələrinə yerləşdirib.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, ştat rəhbərliyi siklonun regiona çatacağı gün - mayın 3-də vətəndaşlara ehtiyac yaranmadıqca evlərindən çıxmamağı tövsiyə edib. Yaxın sutka ərzində bütün Odişi ərazisində 220-dən çox qatarın hərəkəti dayandırılıb, həmçinin Bhubaneşvar və Kəlküttə kimi bəzi iri şəhərlərdə həftə sonunadək aeroportlar bağlanıb.
Təbii fəlakət regiondakı əkin sahələrinə, meyvə plantasiyalarına, köhnə tikililərə və elektrik naqillərinə ciddi zərər vura bilər. Həmçinin siklonun qonşuluqda yerləşən Andhra-Pradeş və Qərbi Benqaliya ştatlarının bəzi rayonlarına da təsir edəcəyi gözlənilir.
Ölkənin Hərbi Dəniz Qüvvələri və sahil mühafizə xidməti fasiləsiz iş rejiminə keçirilib. Onlar siklonun nəticələrini aradan qaldırmağa yardım edəcək və yerli əhaliyə kömək göstərəcək.
“Fani” Benqal körfəzindən güclü yağışlar gətirir, küləyin sürəti isə saatda 200 kilometrə çatır. Ekspertlərin məlumatına görə, bu, son 20 ildə Odişi ştatında müşahidə edilən ən güclü siklon olacaq. 1999-cu ildə oxşar qasırğa ştatda 10 mindən çox insanın həyatına son qoymuşdu.