DÜNYA
Hiroşima prefekturasında torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb
Tokio, 22 avqust (AZƏRTAC). Yaponiyanın Hiroşima prefekturasında torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 40 nəfərə, itkin düşənlərin sayı isə 47 nəfərə çatıb.
NHK televiziya kanalı təbii fəlakət nəticəsində əvvəlcə 39 nəfərin həlak olduğu, 52 nəfərin itkin düşdüyü barədə məlumat yayıb. 67 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilirdi. Həlak olanlar arasında 2, 3 və 11 yaşlı uşaqlar da var. Bundan əlavə, Koreya Respublikasının “Renhap” informasiya agentliyinin yaydığı məlumata əsasən həlak olanlar arasında bu ölkənin vətəndaşı da var.
Torpaq sürüşməsi nəticəsində 46 evin tam və ya qismən dağıldığı, 140 evin isə su altında qaldığı bildirilir. Hiroşimanın təxliyə mərkəzlərində hazırda iki min nəfər yerləşdirilib.
Faciə zonasında üç mindən artıq polis, hərbi qulluqçu, həmçinin Osaka və Hyoqodan olan xilasedicilərin çalışdığı bildirilir. Avqustun 22-də səhər tezdən təkrar sürüşmə təhlükəsi gözlənildiyindən xilasetmə işləri dayandırılmışdı. Bununla bərabər, yerli hakimiyyət orqanları torpaq sürüşməsinin baş verdiyi gündə təxliyə haqqında tövsiyənin bir saat gecikməsinin səbəbini araşdırır.
Hiroşima prefekturasında leysan yağışları avqustun 19-da axşam saatlarında başlayıb. “Qırmızı” səviyyəli xəbərdarlıq Kyuşu adasının şimal-qərbində, Sikoku adasında yerləşən Tokuşima və Ehime prefekturalarında, həmçinin Hönsü adasındakı Hiroşima və Okayama prefekturalarında elan edilib. Yaponiyanın cənubunda leysan yağışlarla bağlı 102 mindən artıq insana təxliyə barədə xəbərdarlıq göndərilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio