SİYASƏT
Hüseyn Yusubov: Şuşa Bəyannaməsi ilə regionda davamlı sülhün və təhlükəsizliyin, birgə sosial-iqtisadi inkişafın əsası qoyuldu
![Hüseyn Yusubov: Şuşa Bəyannaməsi ilə regionda davamlı sülhün və təhlükəsizliyin, birgə sosial-iqtisadi inkişafın əsası qoyuldu](/files/2021/2/1200x630/162453157568532953_1200x630.jpg)
Tbilisi, 24 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Azərbayacana, xüsusən də işğaldan azad edilmiş Füzuli və Şuşaya səfəri tarixi hadisə idi. Bu səfər çərçivəsində dünyaya verilən müsajlar, Şuşa Bəyannaməsinin imzalanması, Şuşada Türkiyənin baş konsulluğunun açılması ilə bağlı məlumatlar Gürcüstan azərbaycanlılarını daha da qürurlandırıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov söyləyib.
O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan NATO toplantısında Qarabağ məsələsinə toxunub və Azərbaycanın haqq işini çox mötəbər kürsüdən müdafiə edib.
Prezident Rəcəb Tayyib Ərdoğan daha sonra erməni işğalından azad edilmiş Füzuliyə və Şuşaya səfər etməsi Türkiyənin Azərbaycanın yanında olduğunu, eyni zamanda, regionda vacib və qüdrətli dövlət kimi rol oynadığını sübut etdi.
Türkiyənin dövlət başçısının Azərbaycanın Qalib Prezidenti ilə birgə verdiyi mesajlar isə sübut edir ki, artıq Türkiyə ilə Azərbaycan “Bir millət, iki dövlət” formatından daha irəli gedərək “İki dövlət, bir Ordu” yaradan vahid güc sahibləridir.
GAK sədri deyib ki, Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi deyilənləri sübut edir. Bəyannamə, eyni zamanda, regionda sülhə və təhlükəsizliyə zəmin yaratmaqla yanaşı, birgə sosial-iqtisadi inkişafın da əsasını qoyub.
H.Yusubov deyib: “Gürcüstan azərbaycanlıları daim Azərbaycanın və Türkiyənin dəstəyini hiss ediblər. Onlar hər iki dövlətin atdığı bütün addımları dəstəkləyir və Azərbaycan-Türkiyə birliyinin daha da möhkəmlənməsi, inkişaf etməsi üçün bundan sonra da əllərindən gələni etməyə hazırdılrlar”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi