SİYASƏT
“İcbari sığortalar haqqında” qanun layihəsi Milli Məclisin komitələrinin birgə iclasında müzakirə olunmuşdur
Bakı, 1 aprel (AZƏRTAC). Milli Məclisin iqtisadi siyasət və sosial siyasət komitələrinin aprelin 1-də keçirilmiş birgə iclasında “İcbari sığortalar haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, qanun layihəsinin Milli Məclisdə birinci oxunuş müzakirəsi zamanı səslənmiş rəy və təkliflərin bəziləri işçi qrupu tərəfindən nəzərə alınmışdır.
Komitə sədri bildirmişdir ki, bu qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləməklə, sığortaçıların, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında icbari sığortaların həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu Qanunda nəzərdə tutulmuş ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını və şərtlərini müəyyən edəcəkdir.
Qanunun hazırlanmasının əsas məqsədi ölkədə sığorta bazarını inkişaf etdirmək, bu yolla əhalinin sosial müdafiəsinin gücləndirlməsinə kömək göstərməkdir.
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə bildirmişdir ki, əhalinin sosial müdafiəsində sosial sığorta sistemi əvəzedilməzdir. Azərbaycanda sosial sığorta sisteminin təkmilləşdirilməsi ölkənin iqtisadi inkişafı ilə yanaşı, sığorta bazarının da genişlənməsinə müsbət təsir göstərəcəkdir.
Müzakirələr zamanı deputatlar və dəvət olunmuş mütəxəssislər, eləcə də müvafiq dövlət və hökumət strukturlarının üzvləri layihə ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Qeyd olunmuşdur ki, layihədə sığorta məbləğləri dəqiq ifadə olunmalı, sığorta olunanlarla sığorta edənlərin hüquqları və digər məsələlər tam əksini tapmalıdır.
Müzakirələrin sonunda səslənən rəy və təkliflərin nəzərə alınması üçün layihə yenidən işçi qrupuna qaytarılmışdır.