CƏMİYYƏT
İcbari tibbi sığortanın xidmətlər zərfində yer alan xidmətlərin 90 faizdən çoxu TƏBİB-in tabeli tibb müəssisələrində icra edilir
Bakı, 20 dekabr, AZƏRTAC
“İcbari tibbi sığortanın tətbiqinə başlayanda 1829 tibbi xidməti ödənişsiz əldə etmək olurdu. Bu gün isə Xidmətlər Zərfindəki xidmət sayı 81 faiz artırılaraq 3 min 315-ə çatdırılıb. İcbari tibbi sığorta təminatına alınmış 3 mi 315 sayda tibbi xidmətin 90 faizdən çoxu isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilir”.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində deyib.
Onun sözlərinə görə, 634 sayda olan ambulator tibbi xidmətlərin 98 faizi, 931 sayda laborator xidmətlərin 100 faizi, 77 sayda fizioterapiya və reabilitasiya xidmətlərinin - 100 faizi, 266 sayda stasionar terapevtik xidmətlərin - 99 faizi, 1334 sayda stasionar cərrahi xidmətlərin - 70 faizi, həmçinin ilkin səhiyyə və təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin 100 faizi icra edilir”.
V. Qurbanov yeni əlavə edilən xidmətlərin sırasında böyrək, qaraciyər, sümük iliyi transplantasiya əməliyyatlarının olduğunu da xatırladıb:
“Hazırda həmin əməliyyatlar, əsasən, icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində icra olunsa da, gələcəkdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində də belə əməliyyatların keçirilməsi nəzərdə tutulub. Növbəti illərdə sümük iliyi transplantasiyası əməliyyatının Yeni Klinikada tətbiqi planlaşdırılır. Bunun üçün artıq həkim-cərrahlarımız Türkiyədə təlimə göndəriliblər”.