İÇƏRİŞƏHƏRLƏ TANIŞLIQ DAĞISTANLI QONAQLARDA XOŞ TƏƏSSÜRAT DOĞURMUŞDUR
AZƏRTAC xəbər verir ki, Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev və onu müşayiət edən şəxslər aprelin 30-da qədim İçərişəhəri gəzmişlər.
Xalq rəssamı Kamil Əliyevin şəxsi yaradıcılıq xalça muzeyindən başlayan gəzinti Karvansara və Bazar meydanı ilə tanışlıqla davam etdirildi.
Müxtəlif çeşnili xalçalara maraqla tamaşa edən qonaqlar burada gördüklərindən məmnun qaldılar. Onlara Azərbaycan xalqının qədim el sənətlərindən biri olan xalçaçılıq haqqında məlumat verildi. Kamil Əliyevin şəxsi yaradıcılıq xalça muzeyində Heydər Əliyev, Atatürk, Nizami, Füzuli, Nəsimi, Aleksandr Puşkin və başqa görkəmli şəxsiyyətlərin portretləri toxunmuş xalçalar qonaqlarda xüsusi maraq doğurdu. Dağıstan Prezidentinə “Kamil Əliyevin xalça sənəti” kitabı hədiyyə edildi.
Nazirlər Kabineti yanında “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan idarə haqqında qonaqlara məlumat verdi, ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısından danışdı.
Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev və nümayəndə heyətinin üzvləri Karvansarada çay süfrəsinə dəvət olundular.