CƏMİYYƏT
İdxal edilən bibər məhsulunda qonur qırışıqlıq virusu aşkar edilib
Bakı, 14 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ölkəmizə “Amotrade” MMC tərəfindən idxal edilən 23 min 890 kiloqram, “Best Supply Company” MMC tərəfindən idxal edilən 27 min 807 kiloqram və 11 min 45 kiloqram, “Palen AS” MMC tərəfindən idxal edilən 14 min 392 kiloqram bibər məhsulundan götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib.
Nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahiblərinə xəbərdarlıq edilərək onlardan iltizam alınıb.
Qanunvericiliyə uyğun olaraq “Best Supply Company” MMC-yə məxsus 11 min 45 kiloqram bibər məhsulu partiyası məhv edilib. Digər yük partiyalarının saxlanıldığı anbarlara məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı yük partiyalarının qanunsuz olaraq satıldığı müəyyən edilib.
Eyni zamanda “Amotrade” MMC tərəfindən idxal edilən bibər məhsuluna verilən fitosanitar sertifikatla əlaqədar ixracatçı ölkəyə göndərilən sorğuya cavab olaraq mal partiyasını müşayiət edən sertifikatın saxta olduğu bildirilib. Hazırda “Amotrade” MMC tərəfindən idxal edilən digər yük partiyaları ilə əlaqədar sertifikatların saxta olub-olmadığının araşdırılması sahəsində tədbirlər davam etdirilir.
Aşkar olunmuş qanunsuz fəaliyyətlərlə əlaqədar hüquqi qiymətin verilməsi üçün “Amotrade” MMC”, “Best Supply Company” MMC və “Palen AS” MMC-yə aid zəruri məlumatlar toplanılaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.