İLHAM ƏLİYEV HAQQINDA KİTABLARIN TƏQDİMATI
Mayın 15-də “Həyat reycensi-Naxçıvan” mehmanxanasında ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı, YAP sədrinin birinci müavini İlham Əliyev haqqında üçcildliyin təqdimat mərasimi olmuşdur.
“İlham Əliyev böyük siyasətdə: reallıqlar və perspektivlər” adlı birinci kitab 1999-cu ildə, “İlham Əliyev bu günün və gələcəyin uğur faktorudur” və “İlham Əliyev: mən istənilən səviyyədə, istənilən mübarizəyə hazıram” kitabları isə 2001-ci ildə çapdan çıxmışdır.
Təqdimat mərasimini Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı açaraq bildirdi ki, Ana Vətən Partiyasının sədri, parlamentin deputatı Fəzail Ağamalının təşəbbüsü ilə tərtib edilmiş bu kitablarda İlham Əliyevin çıxışları, müsahibələri, onun haqqında yazılar verilmişdir.
Təqdimat mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərov, parlamentin insan hüquqları daimi komissiyasının sədri Sirus Təbrizli, Dövlət Neft Şirkətinin xarici sərmayələr idarəsinin rəisi Valeh Ələsgərov, Milli Məclisin deputatları - Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, Dövlət Teleradio Şirkətinin sədri Nizami Xudiyev, AMEA-nın müxbir üzvləri Asəf Hacıyev, Nizami Cəfərov, habelə MOK-un vitse-prezidenti Xəzər İsayev çıxış etdilər.
Natiqlər bildirdilər ki, Prezident Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycanın həyatının bütün sahələrində əldə olunmuş uğurların bir daha vurğulandığı üçcildlikdə Azərbaycanın müasir ictimai-siyasi və iqtisadi həyatında öz yeri, öz dəst-xətti və böyük nüfuzu olan İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyəti geniş əksini tapmışdır.
Bu kitablarda oxucular Azərbaycanın neft strategiyasının həyata keçirilməsində, Avropa Şurasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycan idmanının şöhrətinin ucaldılmasında İlham Əliyevin geniş fəaliyyətindən bəhs edən materiallarla tanış ola biləcəklər.
Çıxış edənlər vurğuladılar ki, İlham Əliyev dərin siyasi intellekti, yüksək mənəvi keyfiyyətləri, hadisələrə cəsarətli və obyektiv baxışları ilə seçilən, cəmiyyətdə özünü təsdiqləmiş siyasi xadim, Azərbaycan gənclərinin lideridir. O, Milli Məclisə keçirilən sonuncu seçkilərdə Yeni Azərbaycan Partiyasının seçki kampaniyasına uğurla rəhbərlik etmiş və bu partiya parlamentdə yerlərin böyük əksəriyyətini qazanmışdır.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavinləri Gövhər Baxşəliyeva, Ziyafət Əsgərov, Prezidentin İcra Aparatının şöbə müdirləri, deputatlar, nazirlər və digər rəsmi şəxslər iştirak edirdilər.