İLKİN AVTOMOBİL BAZARINDA 9-14 FAİZ ARTIM QEYDƏ ALINMIŞDIR
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin martında təkrar avtomobil bazarında olduğu kimi, ilkin bazarda da dinamika artmışdır.
Araşdırmalar zamanı ilkin bazarda yanvar və fevral ayları ilə müqayisədə təxminən 9-14 faiz artım qeydə alınmışdır. Ekspertlər ilkin bazarda və ümumiyyətlə, avtomobil bazarında fəallığın artmasını daha çox mövsümi amillərlə bağlamağa çalışsalar da, əslində, burada digər amillərin də rolu böyük olmuşdur. Belə ki, ilkin bazarda kredit şərtlərinin ötən ilə nisbətən yüngülləşdirilməsi alıcılarda bazarın bu seqmentinə olan marağı artırmışdır. Müqayisə üçün deyək ki, ötən ilin sonlarına qədər ilkin ödəniş olmadan, yaxud 10-15 faizlik ilkin ödənişlərlə bazarda uzunmüddətli kreditlə avtomobil satan şirkətlərin sayı cəmi 3 idisə, indi bu rəqəm 15-ə çatmışdır. Bundan başqa, ötən ilin 4-cü rübü ilə müqayisədə kredit faizlərində də nəzərəçarpacaq azalmalar müşahidə olunur. İndi alıcılar bank axtarmadan, birbaşa şirkətlərin özlərinin vasitəçiliyi ilə illik 18-19 faiz çərçivəsində 60 aya qədər kreditə avtomobil ala bilirlər.
İlkin avtomobil bazarında rəqabətin artması bu şərtlərin də sürətlə dəyişə biləcəyini proqnozlaşdırmağa əsas verir. İndiki şərtlər cari ilin sonuna qədər daha 2-3 faiz yüngülləşə bilər.
Qiymətlərə gəlincə, araşdırmalar göstərir ki, bazara yeni modifikasiya ilə daxil olan markalar istisna olmaqla, qiymətlər ötən ilin sonu ilə müqayisədə dəyişməz qalmışdır. Yalnız 2008-ci ildə ölkəyə gətirilən yeni avtomobillərin qiymətlərində 1-2 faiz dəyişmə nəzərə çarpır.
Monitorinq qrupunun araşdırmaları nəticəsində məlum olmuşdur ki, hazırda ilkin bazarda qiymətləri 21 min manata qədər olan avtomobillər daha çox satılır.