İmişlidə 54 mənzilli yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin ixtiyarına verilib
Bakı, 28 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli rayonunda inşa etdirilmiş 6 mərtəbəli 54 mənzilli yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni yaşayış binasında mənzillərin sənədlərinin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəmizə mühüm tarixi uğurlar qazandıran sosial-iqtisadi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifah halının yüksəldilməsi prinsipi dayanır. O, sosial cəhətdən həssas əhali qruplarına daim qayğı ilə yanaşıldığını qeyd edərək mühüm sosial proqramların uğurla aparıldığını və getdikcə gücləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, həmin sosial proqramlardan biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və onların yeni mənzillərlə təminatına xidmət edir. Şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirliyin bu il gördüyü işlərdən danışan H.Abdullayev vurğulayıb ki, dövlət başçısının şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı həmin kateqoriyalardan olanların mənzillə təminatı proqramının xeyli güclənməsinə səbəb olub.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün digər istiqamətlərdə aparılan işlərdən bəhs edən H.Abdullayev, həmçinin bu il 265 nəfər Qarabağ müharibəsi əlilinin minik avtomobili ilə təmin olunduğunu, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdiyini bildirib.
Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri sosial təminatlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsinə, dövlətin qayğısı ilə əhatə olunduqlarına, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində onlara yeni mənzillər verildiyinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.