İmperator Naruhito: Dövlətin rəmzi vəzifəsini yerinə yetirərkən həmişə insanların yanında olmağa çalışacağam
Tokio, 1 may, AZƏRTAC
Vəliəhd-şahzadə Naruhitonun taxta çıxması ilə Yaponiya yeni dövrə qədəm qoyub. İmperator Naruhitonun atasının Akihitonun şagirdi olduğu, məhz onun təfəkkürü ilə formalaşdığı qeyd edilir. Tarixi mənbələrin bildirdiyinə görə, İmperatriçə Miçiko Şahzadə Naruhitonu 1960-cı il fevralın 23-də II Dünya müharibəsi zamanı müttəfiqlərin qüvvələri tərəfindən bombardman nəticəsində əsas hissəsi dağılan İmperator sarayının ərazisində quraşdırılmış müvəqqəti hospitalda dünyaya gətirib. Onun İmperator ailəsində doğulan və valideynləri tərəfindən tərbiyə alan ilk uşaq olduğu vurğulanır. Belə ki, buna qədər İmperator ailəsində dünyaya gələn körpələr ənənəvi olaraq valideynlərindən ayrı yaşayırdılar.
Şahzadə Naruhito uşaqlıq yaşlarından musiqi, tennis, dağadırmanma, at minmək və beysbolla məşğul olub. İlk yaşlarından nəqliyyat tarixinə də maraq göstərib. On dörd yaşı olarkən Akihito yapon İmperator evində görünməmiş addım ataraq Naruhitonu Avstraliyaya, biznesmen Kolin Harperin ailəsinə yaşamağa göndərir. K.Harperin uşaqları ilə tezliklə ümumi dil tapan vəliəhd-şahzadə Avstraliyanın mərkəzində yerləşən Uluru qayasını onlarla birlikdə fəth edir.
Avstraliyada yaşadığı bir il istisna olmaqla, Naruhito İmperator sarayında tərbiyə alır. Hələ dörd yaşı olarkən onu İmperator Ninko tərəfindən 1847-ci ildə yapon zadəganların təhsil alması üçün yaradılmış məşhur Qakusuin yapon universitetinə təhsil almağa göndərirlər.
Qakusuin universiteti sistemində vəliəhd-şahzadə ibtidai siniflərdən başlayaraq tarix fənni üzrə bakalavr dərəcəsinədək, ümumilikdə 18 il təhsil alır. Universiteti başa vuran Naruhito bakalavr təhsilini “Yaponiyanın orta əsrlər su nəqliyyatı” mövzusunda diplom işi müdafiə edərək başa vurur.
1983-1986-cı illərdə vəliəhd-şahzadə təhsilini Oksford Universitetindəki Merton kollecində davam etdirərək su naviqasiyasını öyrənir. Burada təhsilini başa vuran Naruhito Britaniyadakı həyatından bəhs edən “Temza və mən: Oksforddakı iki ilin təsviri” adlı kitab yazır.
Nəhayət, Naruhito 1988-ci ildə Qakusuin Universitetində magistr diplomu müdafiə edərək ali təhsilini başa vurur.
Universiteti bitirdikdən sonra vəliəhd-şahzadə Naruhito su ekosistemlərinin problemlərinə xüsusi diqqət ayıraraq bu mövzuda elmi məruzələrlə çıxış edir. Həmçinin fəal şəkildə xeyriyyəçilik fəaliyyəti göstərən Naruhito bir neçə fəxri vəzifəni də həyata keçirir: Qlobal Su Tərəfdaşlığı (GWP) təşkilatının rəhbəri və Yapon Qırmızı Xaç Cəmiyyətinin vitse-prezidenti.
Vəliəhd-şahzadə 1993-cü ildə BMT Beynəlxalq məhkəməsinin sədrinin və keçmiş diplomatın qızı Masako Ovade ilə ailə qurur. Naruhitonun həyat yoldaşının uşaqlığının Moskvada keçdiyi, təhsilini isə Böyük Britaniya və ABŞ-da aldığı bildirilir.
İmperator ailəsi ilə qohum olmağın məsuliyyətini yaxşı dərk edən Masako Ovade mətbuat konfransında deyir: “Vəliəhd-şahzadə İmperator ailəsinə birləşməyimlə əlaqədar mənim qorxacağımı və həyəcan keçirəcəyimi bildirərək məni bütün ömrü boyu var gücü ilə müdafiə edəcəyini dedi”.
Vəliəhd-şahzadə Naruhito isə deyib ki, “Əgər hər hansı çətinlik yaranacaqsa, mən onun yanında olmaq, onu qorumaq və var gücümlə ona kömək etmək istəyirəm”.
2001-ci ildə ailənin yeganə qızı şahzadə Ayko dünyaya gəlir. Adı “məhəbbət övladı” mənasını verən Ayko taxtın varisi hesab olunmur. Çünki Yaponiya qanunlarına əsasən, taxtı-tac yalnız kişi xətti ilə ötürülür. Buna baxmayaraq, Yaponiyada son illər qadınlara taxt-tac varisi olmaq hüququnun verilməsi üçün təşəbbüs fəal şəkildə irəli sürülür.
Naruhito 1990-cı illərdən başlayaraq, ölkəsini xaricdə keçirilən beynəlxalq tədbirlərdə təmsil edir.
Vəzifələrinin icrasına gəlincə isə, vəliəhd-şahzadə atasının yolu ilə getmək niyyətində olduğunu bildirir. Dəfələrlə II Dünya müharibəsinin döyüşlərinin keçirildiyi yerlərə - Hiroşimaya, Naqasakiyə və Okinavaya səfər edərək müharibə tarixi qarşısında sülh arzuladığını bildirib.
“Mən dəfələrlə Əlahəzrətdən, valideynlərimdən müharibənin iztirabları və sülhün dəyəri barədə eşitmişəm. Bu böyük müharibələrin mən dünyaya gəlməmişdən əvvəl baş verməsinə baxmayaraq, hesab edirəm ki, biz bütün qəlbimizlə gələcəkdə belə müharibələrin bir daha təkrar edilməməsini arzulamalıyıq”, - deyə o vurğulayıb.
Atası kimi vəliəhd-şahzadə də təbii fəlakətlərdən zərər çəkən insanlara həssaslıqla yanaşıb. O və həyat yoldaşı Yaponiyada tez-tez baş verən təbii fəlakətlərdən sonra təxliyə mərkəzlərinə dəfələrlə baş çəkiblər.
İmperator Akihito 2016-cı ilin avqustunda eramızdan əvvəl əfsanəvi İmperator Cimmu tərəfindən yapon ənənələri əsasında müəyyən edilmiş İmperator evi tarixində ilk dəfə istirahətə getmək niyyətində olduğunu bəyan edib.
İmperator Akihito öz son qərarını elan etdikdən sonra vəliəhd-şahzadə Naruhito Yaponiyanın 126-cı İmperatoru olacaq. Naruhitodan sonra onun kiçik qardaşı Fumihito, ondan sonra isə onun oğlu Hisahito bu vəzifəni tutacaq.
Özünün cari ildə keçirilən ad günündə çıxış edən vəliəhd-şahzadə daim insanların yanında olmaqda davam edəcəyini xüsusi qeyd edib: “Gələcəyim barədə düşüncələr mənə təmtəraqlı hisslər yaşadır. Kamilləşməkdə davam edərək, keçmiş İmperatorların xarakterini nəzərə alaraq, mən daim yapon xalqı barədə düşünəcək və onlar üçün dualar edəcəyəm. Dövlətin rəmzi vəzifəsini yerinə yetirərkən isə mən həmişə insanların yanında olmağa, onların sevincini və kədərini bölüşməyə çalışacağam”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio