DÜNYA
İndoneziya parlamenti paytaxtın dəyişdirilməsi barədə qanun layihəsini təsdiqləyib
![İndoneziya parlamenti paytaxtın dəyişdirilməsi barədə qanun layihəsini təsdiqləyib](/files/2022/1/1200x630/1642495797746012686_1200x630.jpg)
Bakı, 18 yanvar, AZƏRTAC
İndoneziya parlamenti plenar iclasın gedişində paytaxtın Şərqi Kalimantan əyalətinə köçürülməsi barədə qanun layihəsini təsdiqləyib.
AZƏRTAC CNN Indonesia portalına istinadla xəbər verir ki, parlamentin iclasında 575 deputatdan 305-i iştirak edib.
İndoneziyanın milli inkişafın planlaşdırılması naziri Suxarso Monoarfa yanvarın 17-də Kalimantan adasının cənub-şərqində salınacaq yeni paytaxtın Nusantara (tərcüməsi - “arxipelaq") adlanacağını bildirib.
Qeyd edək ki, İndoneziya Prezidenti Coko Vidodo ölkənin paytaxtını Cakartadan köçürmək planını 2019-cu ildə elan edib. Bu məqsədlə 32 milyard dollara yaxın vəsait ayrılıb. Lakin koronavirus pandemiyası səbəbindən layihənin reallaşdırılması dayandırılıb və onu iki ildən sonra bərpa etmək planlaşdırılır.