ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda “EduGAIN” xidmətinin yaradılmasına dair treninqlərə start verilib
Bakı, 2 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Litvanın LITNET akademik və tədqiqat şəbəkəsi mütəxəssislərinin iştirakı ilə treninqlərə start verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “İdentifikasiya federasiyasının qurulması və inkişaf etdirilməsi” mövzusuna həsr olunmuş treninqdə “EduGAIN” və “EduRoam” xidmətləri barədə, həmçinin bu sistemlərin quraşdırılması zamanı istifadə olunan avadanlıq və alətlərə dair müzakirələr aparılıb.
Bildirilib ki, 1991-ci ildə yaradılmış LITNET şəbəkəsinin əməliyyatlar mərkəzi Litvanın Kaunas Texnologiya Universitetində yerləşir. Altı texniki mərkəzdən ibarət olan şəbəkə GEANT Assosiasiyasının üzvüdür. Şəbəkənin CERT xidməti konsultasiya, kompüter təhlükəsizliyi insidentlərinin qarşısının alınması və s. istiqamətlərdə fəaliyyət göstərir.
Treninqdə, həmçinin “EduGAIN” xidmətinin imkanları barədə məlumat verilib. Bildirilib ki, bu xidmət GEANT-ın “EapConnect” layihəsi çərçivəsində hazırlanmış Avropa milli tədqiqat və təhsil şəbəkələri ilə Avropa İttifaqı arasında ən böyük əməkdaşlıq layihəsidir.
Sonra mövzuya dair müzakirələr aparılıb, suallar cavablandırılıb. Treninqlər iyulun 5-dək davam edəcək.