İnsan alverinə qarşı mübarizəyə dair yeni kitab təqdim olunub
Bakı, 28 iyul, AZƏRTAC
Bakı Avrasiya Universitetində hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyevin müəllifi olduğu “Rəqəmsallaşan dünyada insan alverinə qarşı mübarizənin yeni çağırışları” adlı elmi-analitik kitabın təqdimatı keçirilib.
Tədbir “Uğur” Maarifçilik İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutub.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, təqdimatın məqsədi rəqəmsal dövrdə insan alveri probleminə ictimai diqqəti yönəltmək və bu sahədə mövcud boşluqların aradan qaldırılmasına töhfə vermək olub. Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Səhiyyə Nazirliyi, vətəndaş cəmiyyəti və media təmsilçiləri, hüquq müdafiəçiləri və QHT rəhbərləri iştirak ediblər. 525 səhifəlik kitabda rəqəmsal texnologiyaların insan alverində yaratdığı yeni risklər, qurbanların onlayn mühitdə necə hədəfə alındığı, qanunvericilik və profilaktik tədbirlərin əhəmiyyəti geniş təhlil olunur. Nəşrdə dövlət qurumlarının rolu, texnologiya şirkətlərinin hüquqi və etik məsuliyyətləri, həmçinin media və vətəndaş cəmiyyətinin funksiyaları da araşdırılır.
Azərbaycan və ingilis dillərində nəşr olunan kitab artıq bir sıra beynəlxalq elektron kitabxanalarda yerləşdirilib. Nəşrin elmi redaktoru və tərcüməçisi hüquq üzrə fəlsəfə doktoru, BDU müəllimi Şahin Məmmədrzalıdır.
Çıxış edənlər kitabın aktuallığını və praktik əhəmiyyətini vurğulayaraq, insan alveri ilə mübarizədə kompleks və çoxşaxəli yanaşmanın vacibliyini qeyd ediblər. Tədbirin sonunda iştirakçılara kitabın nüsxələri təqdim olunub və mövzu ətrafında müzakirələr aparılıb.