İQTİSADİYYAT
İordaniya və Azərbaycanın iqtisadi zonaları arasında anlaşma memorandumu imzalanıb
Qahirə, 20 sentyabr, AZƏRTAC
İordaniyanın Aqaba Xüsusi İqtisadi Zonası ilə Ələt Azad İqtisadi Zonası arasında əməkdaşlıq və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Aqaba şəhərində keçirilən mərasimdə Aqaba Xüsusi İqtisadi Zonasının Müvəkkillər Şurasının sədri Nayef Baxit və Ələt Azad İqtisadi Zonasının səlahiyyəti qurumunun sədr müavini İsmayıl Manafov iştirak ediblər. Burada, həmçinin Ələt Azad İqtisadi Zonası haqqında geniş videotəqdimat da olub.
Mərasimdən sonra çıxış edən İ.Manafov qeyd edib ki, anlaşma memorandumunda iki dost ölkədəki azad iqtisadi zonalar arasında əməkdaşlıq, investisiyaların həcminin artırılması, müxtəlif texniki və inzibati məsələlər öz əksini tapıb.
Nayef Baxit bildirib ki, Azərbaycanın Ələt Azad İqtisadi Zonası ən müasir tələblərə cavab verir və rəhbərlik etdiyi qurum onunla əməkdaşlıqda maraqlıdır. O əlavə edib ki, azad iqtisadi zonaların idarəçiliyi sahəsində təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı olacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə