İQTİSADİYYAT
İqtisadi İnkişaf Nazirliyinə lisenziya və mənşə sertifikatlarının alınması üçün 600-ə yaxın elektron müraciət daxil olmuşdur
Bakı, 12 sentyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet səhifəsində yeni bölmə - elektron xidmətlər bölməsi yaradılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir.
İndiyədək İqtisadi İnkişaf Nazirliyinə lisenziya və mənşə sertifikatlarının alınması üçün 600-ə yaxın elektron müraciət daxil olmuşdur. Bu müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq, onlayn rejimində təmin edilmişdir. Bundan başqa, daxil olmuş elektron müraciətlər əsasında kommersiya hüquqi şəxslərin qrant müqavilələri elektron qaydada qeydiyyata alınmış, dövlət nəzarəti tədbirləri zamanı tətbiq edilən cərimə və maliyyə sanksiyalarının onlayn rejimində ödənişi həyata keçirilmişdir.