İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Məlumat verildiyi kimi, “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti “Bakıkimyaəczasənaye” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.
Müsabiqə komissiyasının qərarına əsasən fiziki şəxs Aslan İbrahim oğlu Sultanov müsabiqənin qalibi elan olunmuşdur.
10 may 2002-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti və Aslan İbrahim oğlu Sultanov arasında “Bakıkimyaəczasənaye” Açıq Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqı müqaviləsi imzalanmışdır.
Alqı-satqı müqaviləsinə əsasən, A.Sultanov dövlət büdcəsinə 1 milyard manat məbləğində vəsaitin köçürülməsi və 50 min ədəd dövlət özəlləşdirmə çekinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinə təqdim olunması öhdəliyini götürmüşdür.
Müsabiqə qalibinin təqdim etdiyi investisiya proqramına əsasən, “Bakıkimyaəczasənaye” Açıq Səhmdar Cəmiyyətinin mövcud iş yerlərinin bərpasına, istehsalın həcminin artırılmasına, habelə dünya standartlarına cavab verən məhsulların (dərman preparatları və sarğı materiallarının) istehsalına növbəti iki il ərzində 2,4 milyard manat həcmində investisiya qoyuluşu planlaşdırılır.
Investisiya proqramında həmçinin, iki il ərzində işçilərin ümumi sayının 120 nəfərə çatdırılması və işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə orta əmək haqqının 2-3 dəfə artırılması nəzərdə tutulmuşdur.