İqtisadiyyat Nazirliyində “Uğur yolu” karyera inkişafı proqramının final mərhələsi keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyində təşkil olunan növbəti “Uğur yolu” karyera inkişafı proqramının final mərhələsi keçirilib. Finalçılar komanda daxilində müxtəlif tapşırıqların həllində iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının final mərhələsinin iştirakçılarını təbrik edib və müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan şəxslərin müəyyənləşdirilməsi, yeni nəsil idarəçilərin hazırlanması və əməkdaşların karyera inkişafında xüsusi rolunu vurğulayıb. Nazir əməkdaşların təcrübə və strateji düşüncə bacarıqlarının artırılmasına, onlar arasında intellektual, peşəkar əlaqələr qurulmasında əlavə imkanlar yaradan bu proqramın rəqabətli insan kapitalının inkişafına əhəmiyyətli töhfə verən növbəti faydalı layihə olduğunu vurğulayıb.
Sonra finalçılar “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. Təqdimatlar rəhbər şəxslər tərəfindən dinlənilib və qiymətləndirilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsi artıq ikinci dəfədir ki, təşkil olunur. Əvvəlki müsabiqənin qalibləri kimi, bu müsabiqədə qalib gələnlər də müxtəlif təlimlərə, kouçinq sessiyalarına cəlb olunacaq və Nazirliyin rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.