DÜNYA
İranda koronavirusun “omikron” ştamına yoluxanların sayının artacağı ehtimal olunur
Tehran, 1 fevral, AZƏRTAC
Yaxın günlərdə İranda koronavirusun “omikron” ştamına yoluxanların sayının daha da artacağını ehtimal etmək olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər Mərkəzinin rəhbəri İbrahim Qəderi bildirib. O nəzərə çatdırıb ki, “omikron” ştamına yoluxanlar xəstəliyi yüngül keçirir və bu səbəbdən də xəstəxanaya müraciət etmirlər. Belə olan halda yoluxanların dəqiq sayını müəyyən etmək çətindir. Hazırda “omikrona” yoluxanların sayı olduqca çoxdur və qarşıdakı həftələrdə gündəlik 100 min nəfərin yoluxacağını ehtimal etmək olar.
İbrahim Qəderi nəzərə çatdırıb ki, insanlar ünsiyyətlərini azaltmalı və özlərində koronavirusun simptomlarını aşkar edənlər təcili olaraq təcrid olunmalıdırlar. Əks təqdirdə virusun yayılmasının qarşısını almaq çətin olacaq.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən isə son sutka ərzində ölkə ərazisində 35 min 70 nəfər koronavirusa yoluxub, 50 nəfər isə bu xəstəlikdən ölüb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 408 min 244 nəfərə, ölənlərin ümumi sayı isə 132 min 504-ə çatıb.
Müxtəlif xəstəxanalarda müalicə alan COVID-19 xəstələrindən 1 703 nəfərinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 6 milyon 110 min 615 xəstə sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran